6 və 7 may tarixləri Gürcüstanda Avropa günləri kimi qeyd olunur

Avropa Günləri çərçivəsində bu gün, mayın 6-da İspan Günü keçirilir.
Hökumət administrasiyasından verilən məlumata görə, tədbir çərçivəsində Orbeliani meydanında xüsusi təşkil olunmuş məkanda ziyarətçiləri müxtəlif idrak və əyləncə tədbirləri və instalyasiyalar qarşılayacaq.
“Ənənəvi geyimlərin sərgisi, gül sərgisi və foto guşəsi təşkil olunacaq. İspan Gününə gələnlər həmçinin ispan mətbəxinin dadına baxa biləcəklər. İspan günləri məşhur ispan rəqqasəsi Antonio Gades-in teatrlaşdırılmış tamaşası – “Odlu flamenko şousu” ilə başa çatacaq. Avropa günləri çərçivəsində mayın 7-də İsveç günü keçiriləcək.
İsveç günü ilə əlaqədar olaraq isveçli aşpaz Qustav Leonhardın ustad dərsi təşkil olunacaq. Gələn qonaqları Master Şefin qalibi Ruso Dauşvili qarşılayacaq və arzu edənlərə ənənəvi gürcü yeməkləri təqdim edəcək. İsveç günü çərçivəsində İsveç müəlliflərinin kitablarının sərgisi və satışı da təşkil olunacaq. İsveç günü İsveçin “Rilton Vanner” qrupu və müğənni Sofiya Karlsonun konsertləri ilə yekunlaşacaq”, – deyə yayılan məlumatda bildirilir.